Cəlilabadda “Brend Store”la bağlı sakinlərin narazılığı: AQTA niyə susur?
Bakı – Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində, rayonun mərkəzində fəaliyyət göstərən “Brend Store” marketlə bağlı redaksiyamıza ciddi şikayətlər daxil olub.
Adlarının açıqlanmasını istəməyən bir qrup sakin iddia edir ki, marketin qarşısı işçilər tərəfindən yuyulur, yaranan çirkab su isə magistral yola axıdılır. Sakinlərin sözlərinə görə, digər ciddi məsələ isə qazlı və şirinləşdirilmiş içkilərin günün isti saatlarında birbaşa günəş şüaları altında saxlanılmasıdır.
Sakinlər bu iddiaları təsdiqləyən foto və video materialları da redaksiyamıza təqdim ediblər. Əgər görüntülər həqiqəti əks etdirirsə, burada həm sanitariya, həm də qida məhsullarının saxlanma qaydalarına əməl olunması ilə bağlı ciddi suallar yaranır.
Sakinlərin əsas sualı isə AQTA-nın Cəlilabaddakı aidiyyəti regional qurumuna ünvanlanır: Marketlərdə qida təhlükəsizliyinə nəzarət edilməlidirsə, bu obyektlə bağlı iddialar niyə araşdırılmır?
Bundan əlavə, sakinlər market sahibi Dəyanət Bağırlının şikayətlərə münasibətindən də narazıdırlar. Onların iddiasına görə, sahibkar bəzi şəxslərə “arxasında duranların” olduğunu bildirərək şikayətlərə əhəmiyyət vermədiyini deyib. Bu iddianın da araşdırılması vacibdir.
Redaksiya olaraq qeyd edirik ki, səsləndirilən fikirlər sakinlərin iddialarıdır və onların hüquqi qiymətini yalnız səlahiyyətli qurumların araşdırması müəyyən edə bilər.
Məsələ ilə bağlı “Brend Store” marketinin sahibi Dəyanət Bağırlının və AQTA-nın mövqeyini öyrənməyə hazırıq.


