Hicab hər hansı bir dövlətin və ya siyasi ideologiyanın simvolu deyil. O, hicab taxan inanclı qadınların dini inanc və şəxsi seçimləri ilə bağlı baş geyimidir. Bunu başqa ölkələrin tərəfdarlığına və ya hansısa ideoloji cərəyana bağlamaq cəhdləri isə məsələyə qərəzli yanaşmadır.
Son zamanlar vahid məktəbli forması tələbi əsas gətirilərək hicablı şagirdlərin məktəbə buraxılmaması və ya onların təhsilə çıxışının məhdudlaşdırılması ciddi hüquqi və ictimai müzakirə doğurur. Vahid məktəbli forması tətbiq etmək ayrı, şagirdi dini inancına görə təhsildən kənarda qoymaq isə tamam başqa məsələdir.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bərabərlik hüququnu, 42-ci maddəsi təhsil hüququnu, 48-ci maddəsi isə vicdan azadlığını təsbit edir. Bu hüquqların tətbiqi zamanı dövlətin dünyəvi xarakteri də nəzərə alınmalıdır. Lakin dünyəvilik anlayışını dinsizliklə eyniləşdirmək, dövlətin dindən ayrı olmasını vətəndaşların dini inanclarını nümayiş etdirmək hüququnun inkarı kimi təqdim etmək düzgün yanaşma deyil.
Dünyəvi dövlət dinsiz vətəndaşların dövləti deyil; müxtəlif dini inanclara sahib olanların və heç bir dinə inanmayanların bərabər hüquqlarla yaşadığı dövlətdir.
Baş nazirin hər hansı tələbi və ya inzibati göstəriş öz-özlüyündə Konstitusiyadan üstün hüquqi qüvvəyə malik deyil. Buna görə də məktəbli forması ilə bağlı qərarlar hüquqi əsaslara, bərabərlik prinsipinə və uşaqların təhsil hüququna uyğun qiymətləndirilməlidir.
Unutmayaq: hicablı şagird də bu ölkənin vətəndaşıdır, bu dövlətin övladıdır. Onun dini inancı təhsil almaq hüququna maneəyə çevrilməməlidir.
Dünyəvilik ayrı-seçkilik deyil. Konstitusiya hüquqları isə yalnız müəyyən dünyagörüşünə sahib olanlar üçün nəzərdə tutulmayıb.


